20.07.2010 (15:21)
Məcidov Zakir Nüsrət oğlu 1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya gəlmişdir. 1963-cü ildə Bakı şəhərindəki 17 saylı orta məktəbə getmiş, təhsilini 70 saylı orta məktəbdə tamamlamışdır. Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi almışdır. Yevlax aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilmişdir.
Döyüş əməliyyatlarının birində Zakir Məcidovun idarə etdiyi vertolyotun mühərriki şıltaqlıq elədi. Nə yaxşı ki, vertolyot əməliyyat zonasından uzaqlaşmışdı. Zakir onu bacarıqla yerə endirə bildi, vertolyotu da, ekipajı də xilas etdi.
İki vertolyot eskadriliyamız yarandı. Qarşıda Goranboy əməliyyatı varmış, Ağdərə əməliyyatı varmış, Vəngə qədər gedib çatası uğurlarımız varmış. Və bu uğurlarda aviasiyamız da öz sözünü deyəcəkmiş. O pilotlar arasında Zakir Məcidov da vardı. O Zakir Məcidov idi ki, Zabrata gətirilən vertolyotlardan birinin pilotu olmuşdu, sonralar Qarabağın dağlıq hissəsinin qara taleli kəndlərinə dəfələrlə ərzaq, hərbi sursat çatdırmışdı. Sonra döyüş əməliyyatları… Düşmənin hava hücumundan müdafiə sistemi təkmilləşməkdə idi. Təyyarə və vertolyotlarımızın uçuşları təhlükələrdən keçirdi. Hava hücumundan müdafiə vasitələri bir yana, düşmən vertolyotlarımızın uçuşlarını məxsusi yerləşdirilmiş, daldalanmış PDM-lərlə izləyirdi. Ağdərə əməliyyatı… Silahlı qüvvələrimizin qalibiyyətli hücumlarının ünvanı olan bölgə. O günləri, o əməliyyatları xatırlayanda ikili duyğu sarmaşıq olub varlığıma sarılır. Axı, qələbəyə nə qalmışdı ki?.. Öz qılıncımız öz başımızı kəsdi. O qılınc zərbəsi xalqımızın taleyinə vuruldu. Piyadalarımız düşmənin Kasapet yaşayış məntəqəsi ətrafında cəmləşmiş qüvvələrini məhv eləyə bilmirdi. Hər dəfə hücumdan əvvəl artilleriya hazırlığı aparılsa da düşmənin müqavimətini qırmaq olmurdu. Düşmən bu yaşayış məntəqəsini nəyin bahasına olursa-olsun əldə saxlamaq, ordumuzun Ağdərə əmliyyatını başa çatdırılmasına imkan verməmək istəyirdi. Aviaəməliyyatda Zakir Məcidov da iştirak edirdi. Dörd vertolyot hava səddini yarıb Kasapetə tərəf istiqamət götürdü. Düşmənin başına od ələnəcəyi vaxta az qalırdı. Avqust ayının 6-sı idi. Faciə ünvanlı həmin gün onsuz da ağrılardan sızıldayan ürəyimizin ağrılarını artırırdı. Həmin gün üç ananın deyil, bütün analarımızın ürəyi qana bələndi, hamımızın təəssübkeşliyimizi qəlpələr yaraladı. Avqust ayının 6-sı idi…Vaqauz kəndinin şərqindəki strateji əhəmiyyətli yüksəkliklər uğrunda döyüşlər gedirdi. Düşmən əks hücuma keçmişdi. Həmin anlarda Kasapet yüksəkliyi ətrafında da gərgin vuruşma gedirdi. Piyadalarımız ciddi müqavimət göstərir, düşmənin irəliləməsinə imkan vermirdi. Aviasiyanın müdaxiləsinin yeri görünürdü. Əməliyyata dörd vertolyot qoşuldu. Yerdə piyadalar, göydə vertolyotlarımızla düşmənin zenit qurğuları vuruşurdu. Gün günorta yerində idi. Zakir növbəti, say etibari ilə ikinci uçuşu yerinə yetirmişdi. Bazaya dönürdülər. Vaqauzun on kilometrliyində Zakir Məcidovun komandir olduğu vertolyot raket atəşinə məruz qaldı. Vertolyotun hidrosistemi sıradan çıxdı. Pilot zərbəni hiss etmişdi. Vertolyotu yerə çatdırmaqdaydı. Yerə 20-25 metr qalmış vertolyot güclü partlayışa məruz qaldı. O gün 6 avqustda göy üzünə çəkilən qara tüstülər topasından bir insan boyunca ucalıqda dayanan üç ömrün harayı çırpınırdı. Faciə ilə nəticələnən bu uçuşda Zakir tək deyildi. Ruslan Polovinkonun və Cavanşir Rəhimovun də ömrünə həmin faciənin qara rəngi çiləndi, üç ömrün yaşantılarına bir uçuşun qəmi ələndi. Ailəli idi. Bir övladı var. Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüşdür. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Zəminə Kərimova “Milli Qəhrəmanlar” qəzeti
|