Azərbaycanın Milli Qəhrəmanlarının həyatı ibrət məktəbi, mədəniyyət mənbəyidir!
Heydər Əliyev


Bu gün 05.09.2010
 
Milli Qehramanlar




     
 
 
 saytda axtar
 
 

 

ANA SƏHİFƏ > XƏBƏRLƏR > Sədərək döyüşləri belə başlamişdir…

Sədərək döyüşləri belə başlamişdir…

20.07.2010 (15:14)

    Həsənov Səyavuş Həsən oğlu 20 yanvar 1964-cü ildə Şərur  rayonunun Yenigcə kəndində dünyaya gəlmişdir. Səyavuş səkkizinci sinfə qədər kənd məktəbində oxuduqdan sonra təhsilini Bakıdakı 54 saylı texniki - peşə məktəbində davam etdirmişdir. Rəngsaz peşəsinə yiyələnmişdir. Bir neçə ay Bakı Baş Tikinti İdarəsinin nəzdindəki Evtikmə Kombinatında işləmişdir. Tümenə üç il müddətində işləməyə 300 nəfərlik dəstə göndərildi. Səyavuş da bu dəstənin tərkibinə daxil edilmişdi.
   … milis starşinası Səyavuş Həsən oğlu Həsənov Ağdərə döyüş əməliyatları zamanı qulluq vəzifəsini yerinə yetirərkən şəxsi igidlik göstərmiş, məharət və cəsurluqla vuruşmuşdur (Azərbaycan Respublikası Daxili İşlər nazirinin 21 iyul 1992-ci il tarixli təqdimat məktubundan).
   Cəbhə məlumatlarını andıran bu lakonik misralarda vətən oğlunun Yuxarı Qarabağda keçdiyi qəhrəmanlıq yolunun ümumiləşdirilmiş qısa xülasəsi öz əksinin tapmışdır. Əslində bu yolun neçə - neçə eniş - yoxuşları, döngə - dolayları, ağrı - acıları olmuşdur. Səyavuşun döyüş yolu onun Daxili İşlər Nazirliyi orqanlarındakı qulluğunu xeyli qabaqlamışdır. O, hələ 1991-ci ildə Şərurda könüllü olaraq özünümüdafiə dəstələrinə daxil olmuşdur.
   Bir sıra Azərbaycan torpaqları ilə bərabər Naxçıvana da tamah salan erməni təcavüzkarları Muxtar Respublikanın sərhədlərinə basqın emişdilər. Sədərək döyüşləri belə başlamışdır. O vaxt Şərur müdafiəçiləri düşmənə qüvvətli əks zərbə endirərək onu geri oturtdular. Səyavuş bu döyüşlərin ön xəttində vuruşurdu. Onun mərdliyi, cəsarəti, vətən torpağının bütövlüyünü son nəfəsinə qədər qorumaq əzmi başqa döyüşçüləri də haqq işimiz uğrunda qələbəyə ruhlandırırdı. Səyavuş o zaman dinc əhalinin sədərəyin döyüş zonasına yaxın sahələrdən çıxarılıb təhlükəsiz yerlərə köçürülməsi işində də fəal iştirak etdi.
   Erməni - Rus birləşmiş qoşun qüvvələri Yuxarı Qarabağda qanlı hücumlarını genişləndirəndə Səyavuş özünü bu qaynar nöqtəyə çatdırdı. Artıq o ciddi hərbçi təcrübəsinə, zəngin döyüş taktiki hazırlıq vərdişlərinə dərindən yiyələnmiş peşəkar əsgər idi. Komandanlığın tapşırığı ilə Səyavuş ən məsuliyətli döyüş əməliyyatlarında iştirak edir və hər dəfə də şəxsi igidlik və rəşadətinə görə komandirlərinin təşəkkürünə layiq görülürdü. O, Daşaltı, Şuşa, Laçın əməliyyatlarının fəal iştirakçısı olmuşdur.
    Laçın - Şuşa yolundakı döyüşdə düşmən zirehlilərindən biri əlverişli mövqe tuturaq bizim qoşunların hərəkətini xeyli çətinləşdirirdi. Həmin zirehli maşını susdurmaq barədə əmr alan Səyavuş bu dəfə də xüsusi mərdlik və hərbi ustalıq nümayiş etdirdi… sürünə - sürünə düşməndən xəbərsiz onun mövqeyinə yaxınlaşaraq qumbaralarla erməni zirehlisini bütün ekipajı ilə birlikdə məhv etdi və hissələrimizin uğurlu əməliyyatlarına yol açdı. O vaxtdan bütün hissə qorxmaz starşinanı düşmən döyüş texnikasının qənimi kimi tanıyırdı.
    Qarabağ torpaqlarına dəhşətli ölüm saçan, kəndləri xarabazarlığa çevirən, dədə - babalaımızın ruhu uyuyan qəbristanlıqları alt - üst edən düşmən zirehliləri ilə növbəti «əlbəyaxa»  döyüşünü Səyavuş 1992-ci il iyunun 22 - də Ağdərə rayonunun Qarsiravan (Qırmızıkənd) kəndi ətrafında keçirdi. Vuruşmanın ən qızğın çağında məğlub olacaqlarını hiss edən erməni təcavüzkarları döyüşə tankları yeritdilər. Bu müasir qorxunc texnikanın köməyi ilə onlar bizim hissələrin müqavimətini qırmaq istəyirdilər. Səyavuş səngərlərdən birinə sığınıb tankların yaxınlaşmasını gözləyirdi. Bu anlarda onun bütün mənəvi və fiziki qüvvəsi sanki əlindəki tankvuran qumbarada cəm olmuşdur. Polad nəhənglə insanın qarşıdurması sonuncunun qələbəsiylə nəticələndi. Səyavuş öndə gələn tankı yaxına buraxıb bir - neçə metrlikdən onu qumbara ilə məhv etdi. İgid starşinanın səngərlərini görən ikinci ağır tank istiqamətini dəyişib onun üstünə yeridi. Səyavuş yenə özünü itirməyib ikinci zirehlini də məhv etmək üçün hazırlaşdı. Lakin bu dəfə qumbarasını atmağa macal tapmadı. Tankdan atılan top mərmisi onun səngərini alt - üst eləmişdir. Vətən oğlu bu döyüşdə həlak oldu.  Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarıldı.
    Ailəli idi.
    Azərbaycan Respublikası prezidentinin 21 iyul 1992-ci il tarixli 69 saylı fərmanı ilə Həsənov Səyavuş Həsən oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adı verilmişdir.
    Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.


Naim Vəliyev
"Milli Qəhrəmanlar" qəzeti

 
Milli Qehramanlar
azeri  english









 



 
Copyright © 2010 AMEA İnformasiya Texnologiyaları İnstitutu  |  secretary@iit.ab.az | info@ict.az