Azərbaycanın Milli Qəhrəmanlarının həyatı ibrət məktəbi, mədəniyyət mənbəyidir!
Heydər Əliyev


Bu gün 05.09.2010
 
Milli Qehramanlar




     
 
 
 saytda axtar
 
 

 

ANA SƏHİFƏ > XƏBƏRLƏR > Əbədiyyətə qovuşan qəhrəman

Əbədiyyətə qovuşan qəhrəman

20.07.2010 (15:06)

   Kərimov Kazımağa Mövsüm oğlu 01 sentyabr 1950-ci ildə Qubadlı rayonunun Sarıyataq kəndində anadan olub. Sarıyataq və Qubadlı qəsəbə orta məktəbində təhsil alıb. 1967-ci il Azərbaycan Dövlət Univerisitetinə sənədlərini verir qəbul imtahanlarındakı uğursuzluq onu yenidən Qubadlıya qayıtmağa məcbur edir. « Avanqard » qəzetinin mətbəəsində yığcı peşəsi üzrə əmək fəaliyyətinə başlayır. Növbəti dəfə sınaq imtahanlarından uğurla keçir və Univerisitetə qəbul olur. Təhsilini bitirdikdən sonra müxtəlif qəzet və jurnallarda 15 ilə yaxın fəaliyyət göstərir.
    Tariximizin səhifələrini vərəqlədikcə, ömrün nə qədər qısa olduğunu düşünürsən. Şərəfli və lazımlı bir ömrü yaşamağın vacibliyini tarixdə iz qoyduqca, xoş əməllərdə adın anıldıqca onun mənasını anlamağa çalışırsan.
  Öz qorxmazlığı, vətənə olan sevgi və məhəbbətini canı, qanı bahasına torpaqlarımızın müdafiəsi uğrunda fəda etməyə çalışan oğullarımız da nümunə çəkdiyimiz insanlardır.
    Hiyləgər və məkrli qonşular bizim sadəlövhlüyümüzdən, qonaqpərvərliyimizdən, ürəyiyumşaqlığımızdan bicliklə istifadə edərək torpaqlarımızı fürsət düşdükcə qiymə - qiymə doğrayaraq, bizə qənim kəsilmişlər. Türk adını, türk millətini yer üzündən silmək üçün ən aciz əməllərə belə əl atmışlar.
  Tarixin səhifələrində qanla yazılmış işğalçılıq siyasətinə tab gətirməyən, torpaqlarımızın hər zaman bütövlüyünü düşünən qəhrəman oğullarımızın siyahısı göz qabağına gələndə, Kazımağa Kərimovu anmamaq mümkün deyil. O, bir qəhrəman, cəsarətli və vətəninə, xalqına ürəklə bağlı olan bir insan, çətin yollardan keçmiş cəsur döyüşçü idi.
   Əsl Azərbaycanlı igidinə məxsus qəddi - qaməti, zəhmli görkəmi, özünə və ətrafındakılara qarşı tələbkar olması ilə çoxlarının diqqətini çəkirdi. 8 qardaş olan Kazımağagilin bacısı yox idi. Bəlkə də elə ona görə, qadınlara, qızlara daha çox diqqət ayırır, onlara hörmətlə yanaşırdı.
     Qələmini silaha dəyişən Kazımağa son zamanlar daha da vətəninə bağlanmış, bir qarış da olsun belə torpağını itirməmək üçün daha çox fikirləşir, qalib olmağı qarşısına məqsəd qoymuşdu.
    Döyüşə gedəndə Kazımağa yalnız qələbə amalı ilə döyüşürdü. Həlak olan əsgərlərimizin cəsədləri, yaralılar onu çox sarsıdırdı.  
    Allah Təala Kazımağaya o qədər güc, qüvvə, ağıl və düşüncə, nəticə çıxarmaq qabiliyyəti vermişdir ki, istənilən mübarizə meydanından, istənilən çətinliklərdən asanlıqla çıxmağı bacarırdı. Hər zaman qalib və torpaqları bütöv bir dövlət olacağımıza inamla yaşayırdı.  
    O, mehriban, xoşxasiyyət, həm də vətənpərvər insan idi. Onu bu xüsusiyyətlərinə görə goranboylular da çox sevirdilər.
    Kazımağa Qarabağ və onun ətrafında gərgin hadisələr başlayanda Goranboyda silaha ilk sarılanlardan biri oldu.
    Goranboyda batalyon yaranana qədər könüllü dəstələrin  tərkibində sıravi əsgər kimi döyüşürdü. İkinci Goranboy batalyonu yarananda zabit paltarı geyindi. Baş leytenant rütbəsində batalyon komandirinin müavini kimi döyüşlərə atıldı.
    Tarixın Ağcakənd adlanan ərazidə yuva salmıs ermənilərin bu torpaqdan təmizlənməsi  istiqamitində müvəffəqiyyətlər davam edir, Milli ordumuzun əsgərləri sürətlə irəliləyirdi. Həmişə ön döyüş xətdində vuruşan Kazımağa şəxsi igidlik nümunələri göstərir, əsgərləri hər zaman qələbəyə ruhlandırırdı. Tariximizə « Goranboy əməliyyatı » kimi düşmüş qanlı-qadalı döyüşlərdə Kazımağanın öz döyüş yolu, öz qəhrəmanlığı vardı.
   «Goranboy əməliyyatı»nın müvəffəqiyyətlə həyata keçirildiyi vaxtdan ikinci batalyona Talış yolunun bağlanması əmri verilmişdi. Yolu bağlamaq üçün yola yaxın kəndlər ermənilərdən təmizlənməliydi. Bundan sonra möhkəmlənmiş  mövqe səddi yaradılmalıydı. Ermənilərin müdafiəsini yarmaq, düşmənin müqavimətini qırmaq o, qədər də asan olmadı. Bir neçə saatlıq ağır və çətin döyüş bizimkilərin tam qələbəsi ilə başa çatdı. Manas və Qaraçinar kəndləri düşməndən təmizləndi. Bu əməliyyatda  da Kazımağa nəyə qadir olduğunu bir daha sübut etdi.
    1992-ci ilin iyun ayının 13-də daşnaq yuvasına çevrilmiş Xarxaputun azad edilməsi irimiqyaslı döyüş əməliyyatının tərkib hissəsindən  biri idi. Xarxaputa birincilər sırasında çıxan Kazımağaya yalnız bir neçə sevincli  dəqiqələr yaşamaq qismət oldu. O, Xarxaput kəndi uğrunda gedən döyüşlərdə ağır yaralandı. Bakıdan onun üçün göndərilən vertolyota minib gəlmədi. «Cavanları aparın, mənə heç nə olmaz» deyirdi. İkinci dəfə göndərilən vertolyota minməkdən etiraz edə bilmədi. Yaralı Kazımağanı Bakıya gətirdilər, amma təəssüflər olsun ki, artıq gec idi. Cəsur döyüşçünün həyatını xilas etmək mümkün olmadı. Vətən üçün döyünən ürəyi əbədi olaraq susdu.
    Əbədiyyətə qovuşan Milli Qəhrəmanımızın xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaqdır.
     Ailəli idi, bir oğlu yadigar qalıb.
    Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Kərimov Kazımağa Movsum oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri  adı verilmisdir.
    Bakı şəhərinin Səhidlər Xiyabanında dəfn edilmişdir.
   Qızılhacılı kənd Mədəniyyət evi onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur.


Xəyalə Pirnəzərova
"Milli Qəhrəmanlar" qəzeti

 
Milli Qehramanlar
azeri  english









 



 
Copyright © 2010 AMEA İnformasiya Texnologiyaları İnstitutu  |  secretary@iit.ab.az | info@ict.az