Azərbaycanın Milli Qəhrəmanlarının həyatı ibrət məktəbi, mədəniyyət mənbəyidir!
Heydər Əliyev


Bu gün 05.09.2010
 
Milli Qehramanlar




     
 
 
 saytda axtar
 
 

 

ANA SƏHİFƏ > XƏBƏRLƏR > Ölməzlik abidəsi

Ölməzlik abidəsi

20.07.2010 (14:52)

    Ömür - yaradanın işıqlı dünyada yaşayan bəşər övladına bəxş etdiyi bir nemətdir. Bu nemətin həm şirin, həm də acısı olur. Görüb, götürmüş babalarımız «acısı şirinindən çox olur demişlər», yaradanın verdiyi bu nemətin.
    Ömür qısa, ya uzun olur. Kimi 20 yaşına çatır, kimi 30, 40 il yaşayır. Kimi 100-ü haqlayır, kimi yüzü ötürür. Tanrıdan hərənin bir ömür payı var. Əzəli yaşıl yarpaq, sonu qara torpaq olan insan ömrünün sonu ölümdür. Bu ölümün içində bir dirilik, bir əbədilik, bir ölməzlik də var. Ancaq bu diriliyi, əbədiliyi, ölməzliyi hər ölüm doğa bilmir. Belə şərəfli ölümü Vətən üçün döyüş meydanlarında ölən oğullar qazanırlar. Xalqımızın tarixi qəhrəmanlıq əməllərini davam etdirən, vətənin ürəyində özünə bir ölməzlik abidəsi ucaldan, cəsur döyüşçü, böyük insan Asif Məhərrəmov belə oğullardan biri idi.
    Asif Yusif oğlu Məhərrəmov 1952-ci ilin qızmar bir ayında, günəşin od kimi yandıran bir günündə, 26 iyulda dünyaya gəlmişdir. Gözü - könlü tox Yusif kişinin, ədəb - ərkanlı Məhluqə ananın ilk, həm də oğul övladları olmuşdu. Ailənin üstünə dünya boyda bir günəş doğmuşdur. Körpə sevinci ata -anasının qəlb dünyasına sığmırdı. Ata oğul övladının olmasından sanki arxalanmışdı. Ananın sevinci də yerə - göyə sığmırdı.
    Asif 1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbini bitirmişdir. Ailələri böyük olduğu üçün həyat onu erkən yaşlarından işləməyə məcbur etmişdir. O, Ağdam dəzgahqayırma zavodunda fəhlə kimi fəaliyyətə başlamışdır.
1971-ci il oktyabrın 31-də Sovet Ordusuna hərbi xidmətə getməli idi. oktyabrın 30-da dostları ilə kinoya gedən Asif davaya düşür. Haqqı müdafiə edən Asif haqsızlığın qurbanı olur və həbs edilir. Ona 2 il cəza kəsilir. Bunun 9 ayını həbsxanada yatır. Qalan hissəsini isə məcburi əməklə əvəz edirlər. O, məcburi əməyi sürücü işləməklə yerinə yetirirdi. Təsadüf nəticəsində təcili yardım maşını ilə toqquşur. Təcili yardım maşınında olan xəstə yaralanır. Asifi yenidən həbs edirlər və onu Rusiyanın Orenburq vilayətinin Novotrast şəhərindəki həbsxanaya göndərirlər. O, bu islah əmək koloniyasından, bu dəhşətli ölüm düşərgəsindən qolunun zoru, ağlının,  zəkasının gücü ilə doğma vətənə dönə bilir.
    Tarix boyu azəri türklərinin qapısında nökərlik edən ermənilər birdən - birə torpaq iddiasına düşdülər. Azərbaycan torpaqlarının hesabına «Böyük Ermənistan» yaratmaq istədilər. Qarabağın azərbaycanlılar yaşayan kəndlərində qarətlər, talanlar törətdilər, insanları qətlə yetirdilər, diri - diri yandırdılar.
    Ermənilərin başladığı təcavüzün qarşısını almaq üçün Ağdam rayonunun Abdal - Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində dayaq dəstələri yaradıldı. Hərəkat böyüdükcə Asif Qarabağın digər rayonları ilə də sıx əlaqə saxladı. 1990-cı ildə o, Ağdam könüllü özünümüdafiə  dəstəsini yaratdı. Az vaxt içərisində Asifin ətrafına millətini sevən, torpağımızın, namusumuzun keşiyində durmaq istəyən, qanından, canından keçməyə hazır olan oğlanlar toplaşdılar. Onlar bu birliklərini «Haqq cəbhəsi» adlandırdılar. «Haqq cəbhəsinin» səsi xalqın səsinə çevrildi.  Bu cəbhənin səsində xalqın qəzəbi  kükrəyir, xalqın qeyrəti coşur, mübarizə əhval - ruhiyəsi yüksəlirdi.
   Azərbaycanda hələ milli ordu yaradalmamışdı. Buna baxmayaraq Asifin özünümüdafiə dəstəsi, Ağdamda yaradılan digər dəstələrlə birlikdə erməni təcavüzünün qarşısını mərdliklə alırdılar.  Hətta ermənilərin dayağına çevrilmiş 366-cı rus atıcı alayı ilə dəfələrlə amansız döyüşlərə də girmişdi.
    1991-ci ilin oktyabrında Azərbaycan silahlı qüvvələrinin yaranması haqqında qərar qəbul olundu. Asif Məhərrəmovun könüllü özünümüdafiə dəstəsi Xramord, Böyük Fərrux, Bala Fərrux, Daşbaşı kəndlərinin düşmənlərdən təmizlənməsində xüsusi sücaət göstərdi.
1992-ci ildə yanvar ayının 31 -də Xramord kəndi istiqamətində hücuma keçib kəndi azad etmək əmri verildi. Asif 21 nəfərlik dəstə ilə hücuma keçdi. Əməliyyatda digər dəstələr də iştirak edirdilər. Tapşırıq yüksək səviyyədə itkisiz yerinə yetirildi. Asifin dəstəsi xüsusi fəallıq nümayiş etdirdi.
   1992-ci ilin ilk günlərindən Xocalıda vəziyyət gərgin olaraq qalırdı. Lakin minlərlə Xocalı sakini mühasirə şəraitində yaşayır, döyüşür, dədə - baba torpaqlarını tərk etmək istəmirdilər.
    Bakıda da vəziyyət ürəkaçan deyildi. Hakimiyyət uğrunda siyasi çəkişmələr, günü -gündən gərginləşirdi. Bunun nəticəsində bəzi hərbi hissələr siyasi oyunlara qoşulmuş, torpaqların müdafiəsi yaddan çıxmışdı.
    Müdafiəsiz qalan Xocalı 1992-ci il 26 fevralda erməni - rus vəhşiliyi ilə üz - üzə qaldı. Rusiyanın Xankəndində yerləşən 366 -cı atıcı alayının iştirakı ilə Xocalı şəhərinə geniş miqyaslı hücum təşkil olundu. Ermənilər Xocalıda böyük faciə törətdilər.
    Faciə ürəyində millət eşqi olan, namus, qeyrət hissi olan hər kəsi intiqama səslədi. Vətənin igid oğulları qaniçən düşməndən belə imdad diləyən xocalıların harayına tələsdi. Asif də qeyrətli döyüşçüləri ilə neçə - neçə xocalını yağı düşmənin caynağından xilas etdi.
    Düşməndən intiqam almaq üçün mart ayının 4-ə hücum planı hazırlandı. Fred Asifə Əsgəran, Yaqub Rzayevə Xanabad, Şirin Mirzəyevə Sırxavənd, Kiçan, Qazançı, Bəşirlər, Yeddixırman istiqamətində hücum etmək əmri verildi.
    Əməliyat martın 5-də başlandı. Xocalı faciəsi hər bir azərbaycanlının qəzəbini daşdırmışdı. Hücum artilleriya atəşi ilə başlandı. Düşmənin mühüm stratei möveləri darmadağın edildi. Asifin rəhbərlik etdiyi dəstə Əsgərandakı pivə zavodunün yanına çatdı. Əməliyyatı başa çatdırmaq üçün əlavə qüvvələr göndərilməliydi. Bu qüvvələr gəlmədi.
    Asif Məhərrəmov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1992-ci il 7 mart tarixli əmri ilə 859 saylı hərbi hissəsinə polkovnik - leytenant rütbəsi ilə komandir təyin olundu.
   10 mart 1992-ci ildə Asif Məhərrəmovun köməyi nəticəsində Aranzəmin, Pircamal, Dəhraz kəndləri düşməndən azad edildi.
   12 iyun 1992-ci ildə Asif Məhərrəmovun döyüşçüləri Naxçıvaniki düşməndən təmizlədilər. Həmin gün Sırxavənd, Bəşirlər, Qaraşlar, Qazançı, Ballıqaya kəndləri də ermənilərdən təmizləndi.
    1992-ci ilin 12 iyunu tarixə qələbə günü kimi daxil oldu.  
    1992-ci ilin dekabrın 7-də Asif Yusif Oğlu Məhərrəmov Azərbaycan respublikası prezidentinin fərmanı ilə sağlığında ikən Azərbaycanın milli qəhrəmanı fəxri adına layiq görüldü.
    Lakin Asif bu yüksək fəxri adı məğrurluqla qarşılamadı. Torpaqlar düşmən tapdağında olarkən, insanlar  erməni zülmündən dad edərkən o, bu adı gəzdirməyi özünə ar bilirdi.
    Döyüşlərdə qəhrəmanlıqlar göstərmiş, savaş meydanında bir addım belə geri çəkilməyən, bütün döyüşlərdən qalib kimi ayrılan, əsgər və zabitlərə həmişə nümunə olan Asif heç vaxt şan - şöhrət dalınca qaçmamışdı. Onun bir istəyi, bir amalı vardı. Qarabağ torpaqları düşmən tapdağından azad olsun, vətən azad olsun, Azərbaycan azad olsun.
   Həbsxana həyatı onun səhhətinə təsirsiz ötüşməmişdir. Murdar ermənilərə qarşı döyüşdüyü illərdə soyuq, nəmli səngərlər onun səhhətini bir az da pisləşdirmişdi.
    1993-cü ilin oktyabrında hərbi hissəni təhvil vermək məcburiyyətində qaldı.
    1994-cü ildə müalicə məqsədilə Yaltaya gedən Asif Məhərrəmov həmin il iyulun 1-də vəfat etdi.
    Əbədiyətə qovuşan Asif ulu tarixə yoldaş oldu.
    İllər ötəcək, eşitdiyimiz, gördüyümüz dəhşətlər unudulacaq. Lakin Fred Asif varlığı nurlu bir işıq kimi vətənimiz Azərbaycana şölə saçacaq.    


Naim Vəliyen
"Milli Qəhrəmanlar" qəzeti

 
Milli Qehramanlar
azeri  english









 



 
Copyright © 2010 AMEA İnformasiya Texnologiyaları İnstitutu  |  secretary@iit.ab.az | info@ict.az